“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsi tərəfindən Müəllimlər Günü münasibətilə tur təşkil olunub

News Image

ETİHİ Xətai Rayon Komitəsi tərəfindən Müəllimlər Günü münasibətilə tur təşkil olunub

ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Xətai rayonunda fəaliyyət göstərən 55 nömrəli tam orta məktəbin kollektivi üçün 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şamaxı rayonuna birgünlük gəzinti-tur təşkil olunub.


Gəzintinin əsas məqsədi müəllimlərin əməyinə verilən dəyəri ifadə etmək, onların asudə vaxtının səmərəli təşkilinə dəstək olmaq, kollektiv arasında birlik və həmrəyliyi daha da gücləndirmək olub.


Səmimi və xoş əhval-ruhiyyə şəraitində keçən tur iştirakçılar üçün yaddaqalan anlarla zəngin olub.

Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

News Image

Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

9 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.


Anım mərasimində şəhidin valideynləri, yaxınları, şəhid ailələri, rayon rəsmiləri və rayon ictimaiyyəti iştirak edirdi.


ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvü olan şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı ilə yanaşır, onların yanında olmağı özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.


Mərasimdə şəhidin ailəsinə dərin hüznlə başsağlığı verildi, Vətən uğrunda canından keçən bütün şəhidlərin müqəddəs ruhu ehtiramla yad olundu və ruhlarına dualar oxundu.


Qeyd edək ki, ittifaq üzvümüz Zəminə xanım Məhərrəmovanın övladı olan şəhid Niftalızadə Niyamin 2020-ci il oktyabrın 8-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Rövşən Orxan oğlu Rüstəmovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

News Image

Vətən müharibəsi şəhidi Rövşən Orxan oğlu Rüstəmovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

7 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Rövşən Orxan oğlu Rüstəmovun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.


Anım mərasimində şəhidin anası, yaxınları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdi.


ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvü olan şəhid ailələrinə və qazilərə daim diqqət və qayğı ilə yanaşır, onların yanında olmağı özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.


Mərasimdə şəhidin ailəsinə dərin hüznlə başsağlığı verildi, Vətən uğrunda canından keçən bütün şəhidlərin müqəddəs ruhu ehtiramla yad olundu və ruhlarına dualar oxundu.


Qeyd edək ki, ittifaq üzvümüz Reyhan Rüstəmovanın övladı olan şəhid Rövşən Rüstəmov 2020-ci il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, həmçinin “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid anası, Xuraman Məmmədovanı ETİHİ adından təbrik etdik

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid anası, Xuraman Məmmədovanı ETİHİ adından təbrik etdik

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xətai rayonu 254 nömrəli tam orta məktəbdə həmkarlar ittifaqının üzvü, şəhid anası Xuraman xanım Məmmədovanı ziyarət edərək əlamətdar gün münasibətilə səmimi arzularımızı çatdırdıq.


Görüş zamanı Xuraman xanıma ilk növbədə möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı və firavan həyat arzuladıq. Onun timsalında bütün fədakar və zəhmətkeş müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar dilədik.


Xuraman xanıma Komitə adından gül dəstəsi və hədiyyə təqdim etdik, xatirə şəkilləri çəkdirdik.


Şəhid ailələrinə, xüsusilə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın valideynlərinə və ailə üzvlərinə diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq və hər zaman yanlarında olmaq hər birimizin mənəvi borcudur.


Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onların qəhrəmanlığı və şücaəti daim qəlbimizdə yaşayacaq.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil müəssisələrində bayram tədbirləri keçirilmişdir

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil müəssisələrində bayram tədbirləri keçirilmişdir

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsinin xidmətinə daxil olan bir sıra təhsil müəssisələrində bayram tədbirləri keçirilmişdir.


Rayon Komitəsinin dəstəyi ilə təşkil olunan tədbirlərdə müəllim əməyinin və fədakar pedaqoqlarımızın cəmiyyətin inkişafındakı mühüm rolu xüsusi vurğulanmış, təhsil işçiləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edilmişdir. Onlara hədiyyələr təqdim olunmuş, həmkarlar ittifaqı üzvlərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edilmişdir.


ETİHİ Xətai Rayon Komitəsi olaraq bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik!

ETİHİ Xətai Rayon Komitəsi Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin anası Zəminə xanım Məhərrəmovanı ad günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib

News Image

ETİHİ Xətai Rayon Komitəsi Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin anası Zəminə xanım Məhərrəmovanı ad günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib

Oktyabrın 2-də ETİHİ Xətai Rayon Komitəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 194 nömrəli körpələr evi-uşaq bağçasında olduq.


​Görüşdə bağçanın əməkdaşı, həmkarlar ittifaqının üzvü, Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin anası Zəminə xanım Məhərrəmovanı ad günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdik.


​Zəminə xanıma möhkəm cansağlığı, uzun ömür və səadət arzuladıq, Komitə adından hədiyyə təqdim edərək xatirə şəkilləri çəkdirdik.


​Qəhrəman şəhidimizin anasına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Şəhidlərimizin ruhu şad olsun!

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən tədbirlər təşkil olunub

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən tədbirlər təşkil olunub

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Xətai Rayon Komitəsi tərəfindən 1–2 oktyabr 2026-cı il tarixlərində təbrik tədbirləri təşkil olunub. Tədbirlər çərçivəsində rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin bir qrup fəal həmkarlar ittifaqı üzvü əlamətdar gün münasibətilə təbrik edilib.


​İttifaq üzvlərinin rifahını və mənəvi dəstəyini hər zaman diqqətdə saxlayan ETİHİ Xətai Rayon Komitəsi müəllimlərin gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini və fədakar pedaqoji əməyini yüksək qiymətləndirib. Görüşlər zamanı təhsil işçilərinə gələcək fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulanıb, komitə tərəfindən hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.


​Öz növbəsində, ittifaq üzvləri onlara göstərilən diqqət, qayğı və dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

News Image

Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib

24 və 30 sentyabr 2026-cı il tarixlərində Xətai rayonunda yerləşən 98 və 64 nömrəli tam orta ümumtəhsil məktəblərində 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib.


Tədbirlərdə məktəb rəhbərlikləri və pedaqoji kollektivlər, eləcə də ETİHİ Xətai Rayon Komitəsinin əməkdaşları iştirak ediblər.

Görüşlərin əsas məqsədi təhsil işçilərini Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti və əhəmiyyəti barədə məlumatlandırmaq, əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, habelə əmək münasibətlərində qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı maarifləndirici məlumatları diqqətə çatdırmaq olub.


Tədbirlər zamanı bildirilib ki, Ümumdünya Layiqli Əmək Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən layiqli əmək prinsiplərinin təşviqi, əmək hüquqlarının qorunması, sosial ədalətin və işçilərin hüquqi təminatlarının gücləndirilməsi istiqamətində diqqətin artırılması məqsədilə təsis edilib. Bu gün münasibətilə keçirilən maarifləndirici tədbirlər əmək münasibətlərində hüquq və vəzifələrin düzgün dərk edilməsinə, işçilərin hüquqlarının qorunmasına və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına mühüm töhfə verir.


Tədbirlərdə, həmçinin məcburi əmək və onun müxtəlif formaları, məcburi əməyin qarşısının alınması, eləcə də bu istiqamətdə mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Əmək münasibətlərinin könüllülük, qarşılıqlı razılıq və qanunvericilik prinsipləri əsasında qurulmasının vacibliyi vurğulanıb.


Maarifləndirici söhbətlər zamanı yetkinlik yaşına çatmayan şəxslərin əmək hüquqları məsələsinə də xüsusi diqqət yetirilib. Onların gecə əməyinə cəlb edilməməsi, sağlamlığına, təhlükəsizliyinə və mənəvi inkişafına mənfi təsir göstərə biləcək işlərə cəlb olunmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda əmək fəaliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayanların təhsil hüquqlarının qorunmasının, onların təhsil prosesindən kənarda qalmamasının və əmək şəraitinin yaş xüsusiyyətlərinə uyğun təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.


Görüşlərdə əmək fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş minimum yaş həddi, uşaq əməyinin yolverilməzliyi və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı əsas müddəalar da izah edilib. Xüsusilə uşaqların fiziki və psixoloji sağlamlığına, təhlükəsizliyinə, təhsilinə və mənəvi inkişafına təhlükə yarada biləcək əmək fəaliyyətindən qorunmasının dövlət və cəmiyyət üçün mühüm məsuliyyət olduğu vurğulanıb.


Tədbirlərdə əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi məsələsinə də geniş yer verilib. İşə qəbul, vəzifədə irəli çəkilmə, əmək şəraitinin dəyişdirilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı ailə vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ailə və əmək öhdəliklərinin uzlaşdırılması, işçilərin ailə məsuliyyətlərinin bölüşdürülməsi və kişi işçilərin bu sahədə malik olduqları hüquqlar, o cümlədən atalıq məzuniyyəti və digər müvafiq hüquqi təminatlar barədə məlumat verilib.


Tədbirlər iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib. Təhsil işçilərinin əmək hüquqları və qanunvericiliklə müəyyən edilmiş təminatlar barədə məlumatlılığının artırılmasının əmək münasibətlərində hüquqi maarifləndirmənin və sosial tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.


Sonda bildirilib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi əmək hüquqlarının daha yaxşı mənimsənilməsinə, əmək münasibətlərində qanunçuluq və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə və qorunmasına xidmət edir.

Xətai rayonunun təhsil müəssisələrində çalışan və 65 yaşı tamam olan təhsil işçiləri diqqət və qayğı ilə əhatə olunaraq mükafatlandırılıblar

News Image

Xətai rayonunun təhsil müəssisələrində çalışan və 65 yaşı tamam olan təhsil işçiləri diqqət və qayğı ilə əhatə olunaraq mükafatlandırılıblar

ETİHİ Xətai Rayon Komitəsinin üzv təşkilatları olan təhsil müəssisələrində çalışan və 65 yaşı tamam olan təhsil işçiləri diqqət və qayğı ilə əhatə olunaraq mükafatlandırılıblar.


Uzun illər ərzində təhsil sahəsində səmərəli fəaliyyət göstərərək gənc nəslin təlim-tərbiyəsinə və təhsilimizin inkişafına dəyərli töhfələr verən əməkdaşların əməyinin qiymətləndirilməsi həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən biridir.


ETİHİ Xətai Rayon Komitəsi ittifaq üzvlərinin əmək fəaliyyətini və sosial rifahını daim diqqətdə saxlayır, onların hüquq və mənafelərinin qorunmasına, sosial məsələlərinin həllinə və müxtəlif istiqamətlərdə dəstəklənməsinə xüsusi önəm verir.


65 yaşı tamam olan təhsil işçilərinin mükafatlandırılması onların uzunmüddətli, səmərəli və fədakar əməyinə verilən yüksək dəyərin göstəricisidir.

Mükafatlandırılan təhsil işçilərini təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatlarında uğurlar arzulayırıq!

Şəhid olan Rasim Məmmədovun anım günü ilə əlaqədar məzarı ziyarət olunub

News Image

Şəhid olan Rasim Məmmədovun anım günü ilə əlaqədar məzarı ziyarət olunub

19 sentyabr 2026-cı il tarixində 2023-cü il sentyabrın 19-da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı Xocavənd rayonu ərazisində qəhrəmancasına şəhid olan Rasim Oktay oğlu Məmmədovun anım günü ilə əlaqədar məzarı ziyarət olunub.


Ziyarət zamanı şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.


ETİHİ Xətai Rayon Komitəsi olaraq Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyi özünün mənəvi borcu hesab edir.


Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Şəhid Rasim Məmmədovun valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də anım mərasimində iştirak edən hər kəsə minnətdarlıqlarını bildiriblər.


Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.